|
Xəbərlər
[12.12.2008]
"Ekol Mühəndislik Xidmətləri" Q S C - də Ulu Öndərin anım mərasimləri keçirilmişdir
12 dekabr 2008-ci il tarixə Ulu Öndərimizin anım günü kimi daxil olmuşdur. Bu gün xalqımız, əmək kollektivləri, eləcə də, xaricdə yaşayan soydaşlarımız anma mərasimləri keçirir və Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsini sükutla yad edirlər. Hər kəs bu fenomen şəxsiyyətə, Azərbaycanın qurucusuna və dünya şöhrətli dahi siyasətçiyə öz mənəvi borcunu vermək üçün onun abidəsini ziyarət etməyə tələsir.
Bu unudulmaz gündə "Ekol Mühəndislik Xidmətləri" QSC - nin kollektivində də anma mərasimləri keçirilmişdir. Bu münasibətlə ayrı - ayrı istehsalat sahələrində stendlər təşkil olunmuş, Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilmişdir.
Tədbirlərdə QSC-nin rəhbər işçiləri, əmək kollektivlərinin nümayəndələri və vaxtilə Heydər Əliyevin rəhbərliyi altında neft sənayesində rəhbər vəzifələrdə çalışmış qocaman mütəxəssislər iştirak etmişlər.
Tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, çıxışlarında Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Milli Liderimiz Heydər Əliyevin bizim üçün qoyub getdiyi ideologiyanı yaşatmağın və milli - mənəvi dəyərlərin qorunub saxlanmasının hər birimizin mənəvi borcu olduğunu xüsusilə vurğulamışlar.
Hazırda QSC-nin baş direktorunun müşaviri vəzifəsində çalışan, 70-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında neft-kimya sənayesi naziri vəzifəsində işləmiş Kamil Akimov Ulu Öndər haqqında maraqlı xatirələrini danışdı, onun bütün sahələrdə olduğu kimi neft sənayesində də olan əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
QSC-nin YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev yaradıcısı Heydər Əliyev olan bu siyasi partiya ətrafında QSC-də çalışan xeyli sayda sağlam düşüncəli insanların, xüsusilə gənclərin sıx birləşdiyini, Respublikamızın ictimai -siyasi həyatında fəal iştirak etdiklərini və Ulu Öndərin ideyalarının həyata keçirilməsi istiqamətində bundan sonra da əzmlə çalışacaqlarını bildirdi.
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin baş direktorunun müavinləri Məzahir Hüseynov, Ramil Əliyev, Şöbə rəisi Həsən Hüseynov, YAP Gənclər təşkilatının sədri Səbuhi Veysəlov və başqaları çıxış edərək Heydər Əliyevin əziz xatirəsinin insanların qəlbində əbədi yaşayacağını və onun ideyalarının həyata keçirilməsi istiqamətində bütün sahələrdə olduğu kimi, QSC-nin də qarşısında duran vəzifələrin uğurla həyata keçiriləcəyini qeyd etdilər.
Tədbir iştirakçıları Ulu Öndər, Milli Liderimiz Heydər Əliyevə Ulu Tanrıdan rəhmət diləmiş və bununla da anım mərasimi başa çatmışdır.
|
|