|
Xəbərlər
[15.12.2008]
ARDNŞ-nin vitse - prezidenti Muxtar Babayev və
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru
Daşkənd şəhərində xidməti ezamiyyətdə olmuşlar
ARDNŞ-nin xarici əlaqələrinin genişləndirilməsi, analoji Şirkətlərlə ekologiya sahəsində əməkdaşlıq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq ARDNŞ -nin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev dekabrın 11-dən 13-dək Özbəkistanın Daşkənd şəhərində xidməti ezamiyyətdə olmuşlar.
Səfər zamanı dekabrın 12 Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Muxtar Babayev və Soltan Əliyev Azərbaycanın Özbəkistandakı səfirliyində olmuş, Ulu Öndərin abidəsi qarşısına tər çiçəklər qoymuşlar.
Dekabrın 12-də qonaqlar "Özbəkneftqaz" Milli Holdinq Şirkətinin mərkəzi ofisində Şirkətin rəhbərliyi və idarə heyətinin nümayəndələri ilə bir sıra rəsmi görüşlər keçirmişlər. Görüşdə vitse-prezident Muxtar Babayev ARDNŞ-nin beynəlxalq və iqtisadi əlaqələri barədə geniş məlumat vermişdir. O, Şirkətin bir çox dövlətlərdə iri həcmli layihələrin həyata keçirdiyini, Türkiyənin Petkim və Gürcüstanın Kulevi terminallarını alaraq orada yenidənqurma işləri apardığını qeyd etmişdir.
Muxtar Babayev ARDNŞ-nin neftin hasilatı və emalı sahələrində ekoloji problemlərin həllinə xüsusi yer ayırdığını, bu məqsədlə Şirkətin ekoloji siyasətinin işlənib hazırlandığını və ardıcıl həyata keçirildiyini görüş iştirakçılarının nəzərinə çatdıraraq, məhz bu zərurətdən Şirkətin 51% təsisçiliyi ilə müasir standartlara cavab verən ekoloji yönümlü "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətinin yaradıldığını, QSC-nin güclü maddi-texniki bazaya və kadr potensialına malik olmasını qarşı tərəfin diqqətinə çatdırmışdır.
"Özbəkneftqaz" Milli Holdinq Şirkətinin idarə heyətinin sədri çıxış edərək qonaqları salamlamış və öz Şirkətləri haqqında geniş məlumat vermişdir. O, bu görüşlərin səmərə verəcəyini və ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulmasına zəmin yaradacağına əmin olduğunu bildirmişdir.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev görüş iştirakçılarına rəhbərlik etdiyi müəssisənin fəaliyyəti və imkanları barədə məlumat verərək, Daşkənd şəhərinə bundan öncəki səfəri zamanı burada fəaliyyət göstərən "EKONORDRAGMET" Birgə Müəssisəsi ilə bir sıra əməkdaşlıq münasibətlərinin yaradıldığını qeyd etmişdir.
Dekabrın 13-də qonaqlar "EKONORDRAGMET" Birgə Müəssisəsində olmuşlar. Görüşdə çıxış edən ARDNŞ-nin vitse - prezidenti Muxtar Babayev bu müəssisə ilə QSC arasındakı qarşılıqlı əməkdaşlıq münasibətləri və həyata keçiriləcək birgə layihələr haqqında müzakirələr aparmış, bunun üçün çox əlverişli şərait olduğunu xüsusilə vurğulamışdır.
Görüş zamanı, Soltan Əliyev "Ekol" Şirkəti yeni texnika və texnologiyalar tətbiq etməklə "EKONORDRAGMET" Birgə Müəssisəsi ilə birgə fəaliyyəti nəticəsində "Özbəkneftqaz" Milli Holdinq Şirkətinin neftin hasilatı və emalı ərazilərində ekoloji yönümlü layihələrin həyata keçirilməsinin, eləcə də sorbentin Bakı şəhərində istehsalı üçün Alyans yaradılmasının mümkünlüyü barədə çıxış etmişdir.
"EKONORDRAGMET" Birgə Müəssisəsinin rəhbərliyi qonaqlara onların dəvətini qəbul edərək Birgə Müəssisəyə gəldiklərinə görə öz minnətdarlıqlarını bildirmiş, ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə hər zaman hazır olduqlarını bildirmişlər.
Bununla da ARDNŞ-nin vitse - prezidenti Muxtar Babayev və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev Xidməti ezamiyyətlərini başa vuraraq dekabrın 13 -də Bakıya qayıtmışlar.
|
|