|
Xəbərlər
[13.01.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də Cənubi Koreyanın
"Saman" Şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət dairəsinin və beynəlxalq əlaqələrinin genişləndirilməsi bir çox xarici dövlətlərdə analoji fəaliyyət sahələri ilə məşğul olan Şirkətlərin marağına səbəb olmuşdur.
Bununla əlaqədar olaraq, Cənubi Koreyanın qlobal ekoloji layihələrin həyata keçirilməsi və çoxsahəli mühəndislik xidmətlərinin göstərilməsi sahəsində tanınmış "Saman" Şirkətinin nümayəndələri yanvarın 8 -də QSC -də olmuşlar.
Qonaqları QSC-nin baş direktorunun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov qarşılamış, onlara müəssisənin fəaliyyəti, istehsalat sahələri və əlaqələri haqqında geniş məlumat vermişdir.
İşgüzar şəraitdə keçən görüş zamanı "Saman" Şirkətinin icraçı direktoru KİM, Haeng Bae ilk öncə qonaqpərvərliyə və maraqlı məlumatlara görə QSC-nin rəhbərliyinə öz minnətdarlığını bildirmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra qonaq Azərbaycan Respublikasının sürətli inkişafının, dövlətlər və təşkilatlar arasında qarşılıqlı əməkdaşlıq üçün münbit şəraitin yaranmasının dünya dövlətlərində, o cümlədən Cənubi Koreyada da böyük maraq doğurduğunu xüsusilə qeyd etmişdir.
K.H.Bea "Saman" Şirkətinin fəaliyyət sahələri, bir çox dövlətlərdə həyata keçirdiyi ekoloji layihələr və mühəndislik xidmətləri haqqında M.Hüseynova geniş məlumat vermiş və bunları əks etdirən diski ona təqdim etmişdir.
Koreyalı qonaqlar hər iki müəssisənin fəaliyyət sahələrinin oxşar olduğunu və ikitərəfli əməkdaşlıq münasibətlərinin yaradılması arzusunda olduqlarını bildirmişlər.
Məzahir Hüseynov bu təklifin QSC-nin baş direktoru və mütəxəssisləri ilə müzakirə ediləcəyini, bu qarşılıqlı əməkdaşlığın səmərə verəcəyinə əmin olduğunu qonaqların diqqətinə çatdırmışdır.
"Saman" Şirkətinin rəhbərliyi qısa zamanda öz təkliflər paketini QSC-nə təqdim edəcəyini və müzakirələrə hazır olduqlarını bildirmişdir. Bununla da görüş başa çatmışdır.
|
|