|
Xəbərlər
[2.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC yeni ilin ilk
ayını uğurlu nəticələrlə başa vurmuşdur
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyası Respublikamızda uğurla həyata keçirilir və ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsində, xalqımızın sosial şəraitinin yaxşılaşdırılmasında müstəsna rol oynayır.
Bu strategiyanın həyata keçirilməsi ilə yanaşı, ətraf mühitin mühafizəsinin önəmli əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, ölkə başçısının sərəncamı ilə "Kompleks Tədbirlər Planı" təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir.
Bununla əlaqədar olaraq "Ekol Mühəndislik Xidmətləri" QSC də ARDNŞ-nin, eləcə də Respublikamızda fəaliyyət göstərən, neftin hasilatı və emalı ilə məşğul olan bir çox xarici şirkətlərin fəaliyyət sahələrində ekoloji yönümlü layihələr həyata keçirməkdədir.
Öz fəaliyyətində müasir texnika və texnologiyalara, qabaqcıl dünya təcrübəsinə, həmçinin xarici şirkətlərlə səmərəli əməkdaşlıq münasibətlərinə əsaslanan QSC yeni ilin ilk ayını uğurlu nəticələrlə başa vuraraq, bir çox partnyorlarla əməkdaşlıq əlaqələrinin yaradılmasına nail olmuş və yeni layihələrin icrasına başlamışdır.
Yanvar ayında Heydər Əliyev adına BNEZ- nun 830 min m3, "Azərneftyağ" NEZ-nun isə 720 min m3 sənaye çirkab suları təmizlənərək NEZ-nın təkrar istifadəsinə verilmiş, 207 ton neftşlam emal edilərək zərərsizləşdirilmiş, BP exploration ( CASPİAN SEA) Limited Şirkətindən daxil olan 31 m3 parafin təmizlənmişdir.
İlin ilk ayında təmizləyici qurğular sistemində səviyyənin tənzimlənməsi məqsədilə, yeni xətlər çəkilmiş, nasoslar quraşdırılmış, yenidənqurma işləri başa çatdırılmış və "Facet" qurğusu istifadəyə verilmişdir. Ən müasir tipli və istehsal gücü 1200 m3/saat olan bu qurğu vasitəsilə sənaye-çirkab, fekal və lay sularının tələb olunan norma həddinə qədər təmizlənməsi mümkün olacaq və qurğunun qapalı sistemdə işləməsi ətraf mühitə atılan zərərli tullantıların miqdarının xeyli dərəcədə azaldılmasını mümkün edəcəkdir.
Ötən ay "Salyan OyL" LTD-nin istismarında olan "Qarabağlı və Kürsəngi yataqlarının mədən ərazilərində formalaşan karbohidrogen əsaslı qazma şlamının rekultivasiyası" layihəsinin icrasına başlanılmış, daxili imkanlar hesabına istehsalat sahələrində bir sıra təmir quraşdırma işləri həyata keçirilmişdir.
Yeni ilin ilk ayının uğurlu nəticələri QSC-nin gələcək fəaliyyətində yeni-yeni nailiyyətlərin əldə olunması üçün əsaslı zəmin yaradacaqdır.
|
|