|
Xəbərlər
[16.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Özbəkistan
Respublikasında prezentasiyası keçiriləcəkdir
2008-ci ildə "Ekol Mühəndislik Xidmətləri" QSC xarici əlaqələrinin genişləndirilməsi, bir çox Avropa və MDB dövlətlərində fəaliyyət göstərən Şirkətlərlə uğurlu əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir.
Əməkdaşlıq münasibətləri yaradılmış və maraq doğuran Şirkətlərdən biri də Özbəkistan Respublikasının Daşkənd şəhərində fəaliyyət göstərən "Uznefteqaz" Milli Holdinq Şirkətidir.
Ötən il ARDNŞ-nin vitse-prezidenti Muxtar Babayev və QSC-nin baş direktoru Soltan Əliyev "Uznefteqaz" Milli Holdinq Şirkətində olarkən, QSC ilə bu müəssisə arasında qarşılıqlı əməkdaşlıq münasibətləri və həyata keçiriləcək birgə layihələr haqqında müzakirələr aparılmış, eləcə də sorbentin Bakı şəhərində istehsalı üçün Alyans yaradılması barədə ilkin razılıq əldə olunmuşdur.
Əməkdaşlıq münasibətlərinin genişləndirilməsi və tərəflərin potensial imkanlarının qiymətləndirilməsi məqsədilə, fevralın 16-dan 19-dək QSC-nin baş direktoru Soltan Əliyev və QSC-nin bir qrup mütəxəssisi Özbəkistanın Daşkənd şəhərinə ezam olunmuşlar.
Ezamiyyə müddətində "Uznefteqaz" Milli Holdinq Şirkətində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin prezentasiyası keçiriləcək və qarşılıqlı əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaqdır.
Razılaşmaya əsasən, fevralın 26-dan martın 2-dək "Uznefteqaz" Milli Holdinq Şirkətinin nümayəndə heyəti Bakı şəhərində, "Ekol Mühəndislik Xidmətləri" QSC-də olacaq və birgə fəaliyyət haqqında rəsmi sənədlər imzalanacaqdır.
|
|