|
Xəbərlər
[20.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndələrinin
Özbəkistanlı əməkdaşlarla işgüzar görüşləri olmuşdu
Xəbər verildiyi kimi xarici əlaqələrin genişləndirilməsi və əməkdaşlıq münasibətlərinin yaradılması məqsədilə, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyevin rəhbərliyi ilə bir qrup nümayəndə heyəti fevralın 16-dan, 19-dək Özbəkistan Respublikasının Daşkənd şəhərində ezamiyyətdə olmuşlar. Nümayəndə heyətinin tərkibinə ARDNŞ-nin "Ekoloji layihələrin idarəedilməsi şöbəsi"nin rəisi Faiq Cəfərov da qatılmışdır.
Nümayəndə heyəti fevralın 17-də Daşkənd şəhərində ekoloji yönümlü fəaliyyət sahəsi ilə tanınmış "EKONORDRAGMET" Birgə Müəssisəsində olmuş, baş direktor Rovşan Vaxidoviç Akparovla potensial əməkdaşlıq münasibətləri müzakirə edilmişdir. Müzakirələr zamanı tərəflər potensial imkanlarından istifadə edərək bir çox sahələrdə birgə fəaliyyət üçün münbit şəraitin olduğu qənaətinə gəlmişlər.
Fevralın 17-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Uznefteqaz" Milli Holdinq Şirkətinin "Uzlitinefteqaz" Açıq Səhmdar Cəmiyyətində keçirdiyi və "EKONORDRAGMET" Birgə Müəssisəsinin nümayəndələrinin də qatıldığı prezentasiya çoxsaylı iştirakçıların böyük marağına səbəb olmuşdur.
"Uzlitinefteqaz" ASC-nin baş direktorunun məsləhətçisi, texniki elmlər doktoru Pulat Kamiloviç Azimov prezentasiyaya öz müsbət rəyini bildirmiş və bəzi suallarını vermişdir. QSC-nin baş direktoru Soltan Əliyev iştirakçıların suallarına ətraflı cavablanmışdır.
Ertəsi gün nümayəndə heyəti "Uzneftqaz" Milli Holdinq Şirkətində olmuşdur. Yüksək qonaqpərvərliklə nümayəndə heyətini qəbul edən Şirkət sədrinin müavini Nurməhəmməd Əhmədoviç Əhmədovla işgüzar görüş keçirilmiş, Azərbaycan və Özbəkistan Respublikalarının hazırkı ekoloji vəziyyət, bu sahədə həyata keçirilən tədbirlər, yeni texnika və texnologiyaların tətbiqi barədə ikitərəfli geniş müzakirələr edilmişdir.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq münasibətlərinə dair bir sıra məsələlər müzakirə edilmiş, perspektiv planlar barədə fikir mübadiləsi aparılmışdır.
|
|