|
Xəbərlər
[3.03.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin 3 illiyi
ilə əlaqədar baş ofisdə dəyirmi masa keçirilmişdir
ARDNŞ-nin tabeçiliyində olan təşkilatların istehsalat sahələrində ekoloji yönümlü layihələrin həyata keçirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə, 2006-cı il martın 01-də ARDNŞ -nin və "Lancer Services S.A." Şirkətinin təsisçiliyi ilə "Ekol Mühəndislik Xidmətləri" QSC yaradılmışdır.
Bu illər ərzində "Ekol Mühəndislik Xidmətləri" QSC özünün güclü maddi texniki bazasını yaratmış və peşəkar kadr potensialını formalaşdırmışdır. Neftin hasilatı və emalı sahələrində iri həcmli ekoloji layihələr həyata keçirən QSC, xarici əlaqələrin genişləndirilməsi sahəsində də xeyli uğurlar əldə etmişdir.
Martın 03-də QSC-nin 3 illiyi ilə əlaqədar baş ofisin konfrans zalında dəyirmi masa keçirilmişdir. Tədbirdə QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan QSC-nin baş direktoru Soltan Əliyev, öncə tədbir iştirakçılarını təbrik etmiş, Cəmiyyətin yaranma tarixi, bu müddət ərzində görülmüş işlər və perspektiv planlar barədə geniş məlumat vermişdir.
Sonra QSC-nin bir qrup fəallarına Fəxri Fərmanlar və pul mükafatları təqdim olunmuşdur. Təltif olunanlar rəhbərliyə öz minnətdarlıqlarını bildirmiş, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin inkişafı üçün bundan sonra da bütün qüvvələrini səfərbər edəcəklərini bildirmişlər.
Daha sonra baş direktor Soltan Əliyev təltif olunanları bir daha təbrik edərək, belə tədbirlərin gələcəkdə daha təntənəli qeyd olunacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı və QSC-nin imicinin istər Respublikamızın daxilində, istərsə də xarici dövlətlərdə daha da artırılması üçün qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulamışdır.
|
|