|
Xəbərlər
[6.03.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin
kollektivi referenduma "hə" deyir
18 mart ümumxalq səsverməsi ilə əlaqədar martın 6-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin əmək kollektivlərində toplantılar keçirilmişdir. Toplantını açan QSC-nin baş direktoru Soltan Əliyev Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin mahiyyətini açıqlada. O, ölkəmizin 1994-cü ildən iqtisadi sahədə qazandığı uğurları, düşünülmüş siyasət nəticəsində Azərbaycanın keçdiyi böyük inkişaf yolunu toplantı iştirakçılarının nəzərinə çatdırdı.
Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev, 1995-ci ildə qəbul olunan Konstitusiyanın Azərbaycanın milli maraqlarına, iqtisadi təhlükəsizliyin qorunmasına, eyni zamanda insanların keşiyində dayanmasına xidmət etdiyini, nəzərdə tutulan əlavə və dəyişikliklərin də Azərbaycanın uğurlu inkişafına xidmət edəcəyini xüsusilə vurğuladı. O, toplantı iştirakçılarını martın 18-də seçki məntəqələrinə gedərək öz iradələrini ifadə etməyə çağırdı.
Daha sonra çıxış edənlər Konstitusiyaya olunan əlavə və dəyişikliklərlə tanış olduqlarını, bunu dəstəklədiklərini və seçki günü bu dəyişikliklərə "hə" deyəcəklərini birmənalı olaraq təsdiq etdilər.
Toplantının sonunda kollektivin YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.
|
|