|
Xəbərlər
[26.05.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC Alman-Azərbaycan
İqtisadi Birliyinə üzv qəbul edilmişdir
Mayın 22-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında Alman-Azərbaycan İqtisadi Birliyi (DAWF) üzvlərinin toplantısı keçirilmişdir.
Tədbirdə hər iki tərəfin səlahiyyətli dövlət nümayəndələri, eləcə də tikinti və infrastruktur, memarlıq və şəhərsalma, neft və qaz kəmərlərinin çəkilməsi, avtomobil texnikası, aqrar və tibbi texnologiyalar, ətraf mühitin mühafizəsi texnikası və maliyyə sahələrini təmsil edən müəssisələrin iş adamları və müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.
"Ekol Mühəndislik Xidmətləri" QSC-ni toplantıda Marketinq və iqtisadi xarici əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev təmsil etmişdir.
DAWF -nın sədri toplantını açaraq Almaniya və Azərbaycan iş adamlarının son zamanlar tez-tez keçirilən görüşlərinin əhəmiyyətindən danışmış, Azərbaycanın sürətli iqtisadi inkişafı və alman şirkətlərinin ölkəmizdəki fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu şirkətlər Azərbaycanda yolların tikintisi, su təchizatı layihələrində, qeyri-neft sektorunun bir çox sahələrində yaxından iştirak edirlər.
Azərbaycan rəsmləri öz çıxışlarında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində qazanılmış nailiyyətlər barədə məlumat vermişlər. Son dörd ildə iqtisadiyyatımızın həcminin 2 dəfə artığı vurğulanmışdır.
Natiqlər Azərbaycanda xarici investorlara və yerli sərmayədarlara eyni şəraitin yaradıldığını, bunun sayəsində ölkəmizə investisiya marağının artdığını bildirmişlər. Azərbaycan və Almaniya arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilmişdir.
Toplantıda Azərbaycanda səmərəli fəaliyyət göstərən potensial imkanlı və iqtisadiyyatın inkişafına öz layiqli töhfələrini verən şirkətlərin olduğu və belə şirkətlərin Alman-Azərbaycan İqtisadi Birliyində təmsil olunmalarının məqsədəuyğunluğu diqqətə çatdırılmışdır.
Sonda Alman-Azərbaycan İqtisadi Birliyinə yeni üzv olan bir neçə şirkətə, o cümlədən, Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində əhəmiyyətli layihələrin həyata keçirilməsində səmərəli fəaliyyət göstərən "Ekol Mühəndislik Xidmətləri" QSC-nə üzvlüyü təsdiq edən sənəd təqdim olunmuşdur.
|
|