|
Xəbərlər
[28.01.2010]
Yaponiyanın IT ECO Enginerinq Co.Ltd. (ITEC) şirkətinin
nümayəndələri ilə görüş keçirilmişdir
Yanvarın 27-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Yaponiyanın IT ECO Enginerinq Co.Ltd. (ITEC) şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.
Görüşdə "Azneft" İB-nin Ekologiya şöbəsinin rəisi Rövşən Kərimov, Yaponiyanın ITEC şirkətinin baş icraçısı Kenichiro Mihara, baş mühəndisi Mahmoud Farshbat Dadjour, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyi və mütəxəssisləri iştirak etmişlər.
QSC-nin baş direktoru Soltan Əliyev qonaqları səmimi salamlayaraq QSC-nin texniki imkanları, həyata keçirdiyi ekoloji layihələr və perspektiv planları barədə qısa məlumat verdi.
Səmimi qəbul üçün minnətdarlığını bildirən ITEC şirkətinin baş icraçısı Kenichiro Mihara, öz şirkətləri haqqında və gördükləri işlər barədə geniş məlumat verdi. O, qeyd etdi ki, ITEC şirkəti Yaponiya dövlətinin maliyyə dəstəyi ilə dünyanın bir çox dövlətlərində ekoloji layihələrin həyata keçirilməsi ilə məşğuldur.
Qonaq bildirdi ki, ITEC hazırda Meksikada, Braziliyada, Peruda çirkab və lay sularının təmizlənməsi layihələrini yerinə yetirir. İran İslam Respublikasında isə 6 ildir ki, ekoloji monitorinq işləri aparır. Bruneydə isə alternativ enerjinin tətbiqi və qazların təmizlənməsi layihəsinin icrasına başlanılmışdır. Bütün bu layihələr Yaponiya tərəfindən maliyyələşdirilir. Məqsədimiz Yaponiya dövlətinin qrantları hesabına dünya dövlətlərində həlli vacib olan ekoloji layihələri həyata keçirməkdən və əhalini bu işlərə cəlb etməkdən ibarətdir.
Daha sonra K. Mihara ITEC şirkətinin Azərbaycanda da bəzi layihələrin yerinə yetirilməsinə maraqlı olduğunu və bununla əlaqədar yanvarın 25-də, ARDNŞ-də Bibiheybət ərazisində ətraf mühit üzrə tədqiqat işlərinin aparılması məqsədi ilə şirkətin vitse – prezidenti cənab Muxtar Babayevlə görüşdüklərini qeyd etdi.
Sonda qonaqlara "Ekol Mühəndislik Xidmətləri" QSC-nin " Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində apardığı işlərin prezentasiyası təqdim olundu. Yaponiyalı qonaqlar səmimi qonaqpərvərliyə və prezentasiyadan əldə etdikləri qiymətli materiallara görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
|
|