|
Xəbərlər
[4.02.2010]
"Ekol Mühəndislik Xidmətləri" QSC və "AA Servicess" şirkətinin
təsisçiliyi ilə "AAS - EKOL" MMC yaradıldı
Hazırkı şəraitdə ekoloji problemlərin həll olunmasının aktuallığı və bununla əlaqədar ölkə başçısının qəbul etdiyi qərarlar, digər sahələrdə olduğu kimi neft sənayesi müəssisələrinin də ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət proqramına çevrilmiş və geniş miqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində imzaladığı müvafiq sərəncamları ilə İcra orqanlarının, o cümlədən, ARDNŞ-nin qarşısına qoyulmuş mühüm vəzifələr tədbirlər planı çərçivəsində sürətlə və uğurla icra olunur.
Respublikamızda fəaliyyət göstərən xarici şirkətlərdə də sənayenin inkişafı ilə yanaşı, təmiz istehsalat və ətraf mühitin mühafizəsi bu şirkətlərin fəaliyyətlərinin əsas istiqamətlərindədir.
Bununla əlaqədar olaraq "BP Exploreyşn (Kaspian Si)" LTD-də tullantıların idarə olunması və ətraf mühitin mühafizəsi sahəsində xüsusi təcrübəsi və güclü maddi texniki bazası olan şirkətlərlə əməkdaşlıq münasibətləri yaradılmasına xüsusi əhəmiyyət verir.
Neft sənayesi sahələrində tullantıların idarə olunması və önəmli ekoloji layihələrin həyata keçirilməsi sahəsində özünü təsdiq edən, ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış (51%) "Ekol Mühəndislik Xidmətləri" QSC BP şirkətinin tələblərinə cavab verən bir şirkət kimi qəbul olunmuş və 2007-ci ildən başlayaraq "ərsin parafinin təmizlənməsi" layihəsi üzrə iki şirkət arasında əməkdaşlıq münasibətləri yaranmışdır.
Ötən il "BP Exploreyşn (Kaspian Si)" LTD-nin "Tullantıların idarə olunması xidmətlərinin göstərilməsi" layihəsi üzrə keçirdiyi tenderdə "Ekol Mühəndislik Xidmətləri" QSC də respublikamızda fəaliyyət göstərən Hollandiyanın "AA Servicess" şirkəti ilə birlikdə iştirak etmiş və bu tenderin qalibi olmuşlar.
Razılığa əsasən bu layihənin həyata keçirilməsi üçün bu şirkətlərin təsisçiliyi ilə Birgə Müəssisənin yaradılması qərara alınmışdır. Artıq "AAS - EKOL" MMC təsis edilmiş və 01.02.2010-cu ildən dövlət qeydiyyatından keçmişdir.
Birgə Müəssisəni yaradılmasında məqsəd hər iki şirkətin maddi texniki imkanlarından istifadə etməklə, həm "BP Exploreyşn (Kaspian Si)" LTD- də, həm də, respublikamızda fəaliyyət göstərən digər xarici şirkətlərdə tullantıların (ərsin parafini, neftşlam, qazma şlamı, lay suları, neftli-çirkli sular, çirklənmiş torpaqlar, bərk tullantılar və s.) idarə olunması ilə yanaşı daşınmalar, təchizat və digər mühəndislik xidmətlərinin göstərilməsidir.
|
|