|
Xəbərlər
[11.09.2008] Beynəlxalq konfrans işini başa vurmuşdur
9-10 sentyabr 2008-ci il tarixlərində "Gülüstan" sarayında keçirilən "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlıq strategiyası" mövzusunda Beynəlxalq konfrans işini başa vurmuşdur.
Konfransın işində Azərbaycanın və Türkmənistanın Hökumət rəhbərləri, nazirlər və dövlət təşkilatlarının rəhbərləri, habelə çoxsaylı sənaye müəssisələri, şirkət və firmaların nümayəndələri iştirak etmişlər.
Azərbaycanın və Türkmənistanın neft-qaz potensialına həsr olunmuş beynəlxalq konfrans öz iştirakçılarına dünya energetikasının qlobal inkişaf tendensiyalarına dair unikal məlumat əldə etmək, habelə Azərbaycanın və Türkmənistanın neft və qaz təbii resurslarının qiymətləri ilə və karbohidrogen resurslarının mənimsənilməsi sahəsində praktiki nəticələr, mövcud problemlər və perspektivlər ilə tanış olmaq imkanı vermişdir. Konfransın gedişində yanacaq enerji kompleksində, o cümlədən neft yataqlarının axtarışı və öyrənilməsi, yataqların mənimsənilməsi, neft və qaz emalı, sənaye infrastrukturunun inkişafı və karbohidrogenlərin nəql edilməsi, ən son texnologiyaların tətbiqi, beynəlxalq və regional sərmayə layihələrinin həyata keçirilməsi, birgə işlərin görülməsi və elm, texnika, təhsil və ekologiya sahəsində tədqiqatların aparılması istiqamətində qarşılıqlı surətdə əlverişli olan əməkdaşlıq imkanlarına xüsusi diqqət yetirilmişdir.
Konfransa Avro - Asiya region dövlətlərinin və digər maraqlı ölkələrin nümayəndə heyətləri, beynəlxalq enerji və maliyyə təşkilatlarının rəhbərləri, ən iri neft və qaz şirkətlərinin rəhbərləri, tanınmış alimlər və mütəxəssislər də qatılmışlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı və Azərbaycan Respublikasının Sənaye Energetika Nazirliyinin dəvəti ilə "Ekol Mühəndislik Xidmətləri" QSC -də Konfransda iştirak etmiş, Baş direktor Soltan Əliyev və Marketinq və Xarici İqtisadi Əlaqələr Şöbəsinin rəis müavini Xəyyam Səfərli QSC -ni təmsil etmişlər.
"Gülüstan" sarayında təşkil olunmuş sərgidə ARDNŞ ilə birgə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin də stendi nümayiş etdirilmiş və Konfrans iştirakçılarında böyük maraq doğurmuşdur.
Konfransda "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Baş direktoru Soltan Əliyev bir çox yerli və xarici şirkətlərin rəhbərləri ilə işgüzar görüşlər keçirmiş və qarşılıqlı əməkdaşlıq barədə ilkin razılığa gəlinmişdir.
|
|