|
Xəbərlər
[15.09.2008] Neft şlamlarının ekoloji xarakteristikaları öyrənilir
"Ekol Mühəndislik Xidmətləri" QSC artıq may ayından başlayaraq, ən müasir "Alfa - Laval" qurğusu ilə Heydər Əliyev adına BNEZ-da, "Azərneftyağ" NEZ-da və "Bibiheybətneft" NQÇi-nin mədən ərazilərində uzun illər yığılıb qalmış, eləcə də neftin çıxarılması və emalı prosesində formalaşan neftşlamların emalına və zərərsizləşdirilməsinə başlamışdır. Bununla yanaşı QSC-nin Kompleks tədqiqatlar laboratoriyası tərəfindən ardıcıl olaraq neftşlamın ekoloji xarakteristikaları öyrənilməkdədir.
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, öz tərkibinə görə neftşlamlar olduqca müxtəlifdir. Onlar mürəkkəb sistemə malikdir və tərkibləri neft məhsulları, su və mineral hissələrdən (qum, gil, lil və s.) ibarətdir. Bu komponetlərin nisbətləri xammalın tipindən, emal edilmə sistemindən, çirkab suların təmizlənməsində istifadə olunan avadanlıqlardan və reagentlərdən asılı olaraq dəyişir.
Şlamlar açıq ambarlarda - toplayıcılarda saxlanılan zaman atmosferin təsiri altında daimi dəyişən tərkibi və xassələri ilə şərtlənir. Vaxt keçdikcə yüngül fraksiyaların buxarlanması, neftin oksidləşməsi və qatranlaşması kolloid - mitselyar konqlomeratların əmələ gəlməsi, əlavə qeyri - üzvi mexaniki qarışıqların düşməsi nəticəsində emulsiyaların "qocalma" sı baş verir.
Şlamın təhlükəlilik dərəcəsinin müəyyən edilməsi zamanı onların tərkibinə daxil olan ağır metalların ionları, poliaromatik və kükürdtərkibli birləşmələr, yüngül aromatik fraksiyalar, naften karbohidrogenləri, mineral və üzvi turşular, səthi aktiv maddələr (SAM) kimi bir çox toksiki və kanserogen elementlər nəzərə alınır.
Ardı var.
|
|