Bu gün 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən qanlı yanvar faciəsinin 34-cü ildönümü xalqımız tərəfindən dərin hüznlə yad edilir. 1990-cı ilin yanvarın 20-də keçmiş sovet imperiyasının hərb texnikaları Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi vandalizm aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün gənclərin and yerinə çevrilmiş Şəhidlər Xiyabanını ziyarət edirlər. Xalqımızın yaddaşına əbədi həkk olunmuş qanlı yanvar hadisələrinin 34-cü ildönümü bu günlərdə Respublikamızın hər yerində dərin hüznlə və ehtiramla yad olunur, şəhidlərin ruhuna dualar oxunur. Anım günü ilə əlaqədar, QSC-nin baş ofisində və xidmət sahələrində 20 yanvar hadisələrini əks etdirən stendlər təşkil edilmişdir. Tarix sübut etdi ki, bu vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifə olaraq yazılmışdır. Lakin, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin faciəvi gecədə həlak olan vətən oğulları və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığına və müstəqilliyinə yol açdılar. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsi heç zaman unudulmayacaqdır.
tarix : 20.01.2024
|