Bəşər tarixinin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 32 il ötməsinə baxmayaraq, bu faciənin ildönümü daha geniş miqyasda qeyd olunur və qurbanlarının xatirəsi əziz tutulur.
“Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir!” deyən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü” haqqında qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyətin erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsini tələb etdi.
Nəticə olaraq Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, Milli Ordumuzun və Azərbaycan xalqının birliyi nəticəsində 27 Sentyabr 2020-ci ildə əks hücuma keçən “Dəmir Yumruq” əməliyyatı Zəfər çalaraq, işğalda olan bütün ərazilərimiz erməni işğalçılarından azad edildi. Bu isə ürəkləri daima Vətən eşqi ilə döyünən Xocalı Şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.
Hər il olduğu kimi, bu il də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivinin hər bir üzvü Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə soyqırım qurbanlarının əziz xatirəsini yad edir, bu hadisənin Azərbaycan xalqına qarşı törədilmiş soyqırım kimi qəbul edir və Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Anım günü ilə əlaqədar, QSC-nin Baş ofisində və xidmət sahələrində soyqırımı əks etdirən stendlər təşkil edilmişdir.
Tarix sübut etdi ki, bu terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifə olaraq yazılmışdır.
Xocalı faciəsi xalqımızın böyük dərdi, kədəri, qəmi olmaqla yanaşı, qan yaddaşında öz milli azadlığı uğrunda keçdiyi şərəfli mübarizə yolu kimi qalacaqdır.