Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və onların Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanına əsasən 31 mart Azərbaycanlıların soyqırım günü elan edilmişdir. 1998-ci ildən bəri Respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Gələcəkdə bu kimi halların baş verməməsi üçün biz gənc nəsli vətənpərvərlik və mübarizlik ruhunda tərbiyə etməliyik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi, Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
31 mart Azərbaycanlıların Soyqırımı anım günü ilə əlaqədar QSC-nin baş ofisində və xidmət sahələrində stendlər təşkil edilmişdir.