|
Xəbərlər
[26.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də Xocalı faciəsi
qurbanlarının xatirəsi yad edilmişdir
Ötən əsrin ən ağır faciəsi olan Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini zəbt etmiş erməni təcavüzkarları 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə qətlə yetirdilər. 1275 nəfər əsr götürülməsi ilə nəticələnən azğın erməni hərbçilərinin amansız insan "ovu" 150 günahsız insanın itkin düşməsi, 76-sı azyaşlı uşaq olmaqla 487 nəfərin ömürlük şikəst olması ilə nəticələndi. Amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayəti, insanlığa yönəldilmiş qəddarlıq təcəssümü idi.
Bəşər tarixinin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 17 il ötməsinə baxmayaraq, bu faciənin ildönümü hər il daha geniş miqyasda qeyd olunur, fəlakət qurbanlarının xatirəsi əziz tutulur.
Fevralın 26-da Xocalı faciəsinin 17-ci il dönümü ilə əlaqədar, "Ekol Mühəndislik Xidmətləri" QSC-də də bir sıra tədbirlər keçirilmişdir. QSC-nin istehsalat sahələrində faciəni əks etdirən stendlər təşkil olunmuş, əmək kollektivlərində anım mərasimləri keçirilmişdir. Toplantı iştirakçıları erməni vəhşiliklərini pisləyərək, misli görünməmiş bu faciənin tarixin bağışlamayacağı cinayət olduğunu qeyd etmişlər. Faciə qurbanlarının xatirələri ehtiramla yad edilmişdir.
|
|