|
Xəbərlər
[13.08.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC ekoloji vəziyyətin yaxşılaşdırılması
sahəsində yeni layihənin icrasına başlamışdır
"Qara şəhərdə" şəhərsalma və abadlaşdırma işləri günü-gündən genişlənir. Bu məqsədlə istismar müddətini başa vurmuş qurğuların və neft tutumlarının ləğv edilməsi, neftşlamın və tullantıların həmin ərazilərdən kənarlaşdırılması işləri sürətlə aparılır.
Bu işlərin davamı olaraq, müqaviləyə əsasən "Qara şəhər" sahəsindəki "Azərneftyağ" NEZ-na məxsus 19 N-li sexdə uzun illər yığılıb qalmış neftşlamın ərazidən daşınması və emalı "Podratçı" qismində "Ekol Mühəndislik Xidmətləri" QSC-nə həvalə edilmişdir.
Müqavilənin icrası ilə əlaqədar olaraq avqust ayında QSC layihə sahəsindən 25 720 tondan artıq neftşlamı emal məqsədilə "Azərneftyağ" NEZ ərazisindəki istehsalat sahəsinə daşımış və xüsusi tutumlarda yerləşdirmişdir. Neftşlamın emalı üçün tutumlararası yeni xətlər çəkilmiş və lazımı hazırlıq işləri başa çatdırılmışdır.
Yaxın günlərdə yeni dekantor qurğusu vasitəsilə neftşlamın emalına başlanılacaqdır ki, bununla da ətraf mühitə mənfi təsirin qarşısı xeyli dərəcədə azaldılacaqdır.
|
|