|
Xəbərlər
[10.04.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC " Caspian Energy İntegration Award - 2009" mükafatını almışdır
Aprelin 8-də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu və Caspian Energy Beynəlxalq Mediya Qrupunun təşkilatçılığı ilə Beynəlxalq Ticarət Mərkəzində "Caspian Energy İnteqration Award -2009" mükafatının təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə Nazirlər Kabinetinin, Nazirliklərin, ARDNŞ-nin məsul işçiləri, ABŞ-nın, Almaniya respublikasının səfirləri, bir çox mötəbər təşkilatların və KİV-nin nümayəndələri iştirak etmişlər. Caspian Energy İnteqration Award -2009 təşkilat komitəsinin dəvəti ilə "Ekol Mühəndislik Xidmətləri" QSC -nin rəhbərliyi də mərasimə qatılmışdır.
Mərasimdə 10-dan çox təşkilata Respublikamızın iqtisadi inkişafına verdikləri töhfələrə, ABŞ və Almaniya respublikasının səfirlərinə isə ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Caspian Energy İnteqration Award -2009" mükafatları təqdim olunmuşdur. İlin mükafatına QSC-nin yaxın tərəfdaşlarından olan ARDNŞ-nin "Azneft" İB, Heydər Əliyev adına BNEZ, "Azərneftyağ" NEZ -da layiq görülmüşlər.
"Ekol Mühəndislik Xidmətləri" QSC isə ətraf mühitin mühafizəsinə göstərdiyi xidmətlərə görə "Caspian Energy İnteqration Award -2009" mükafatını almışdır.
Mükafatı təqdim edən ARDNŞ-nin vitse-prezitenti Muxtar Babayev, QSC-nin neftin hasilatı və emalı müəssisələrində ekologiya sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirmiş, bu Şirkətin xarici əlaqələrinin günü-gündən genişləndiyini xüsusilə qeyd edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Mərasimdə mükafat alanların şərəfinə ziyafət və konsert proqramı təşkil olunmuşdur.
|
|