|
Xəbərlər
[10.08.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC ilə Amerikanın "Tetra Tech İnc."
şirkəti arasında iqtisadi əlaqələr genişlənir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin potensial imkanları və həyata keçirdiyi aktual ekoloji layihələr bir çox xarici şirkətlər kimi ABŞ-da fəaliyyət göstərən "Tetra Tech İnc." şirkətinin də marağına səbəb olmuşdur.
Bununla əlaqədar olaraq may ayında "Tetra Tech İnc." şirkətinin nümayəndələri Bakıda olarkən qarşılıqlı əməkdaşlıq çərçivəsində QSC rəhbərliyi ilə görüş keçirmiş, əməkdaşlıq məsələləri müzakirə edilmiş və ilkin memorandum sənədinin hazırlanması qərara alınmışdır. İqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə QSC-nin rəhbərliyi ABŞ-na, "Tetra Tech İnc." şirkətinə dəvət edilmişdir.
Dəvətlə əlaqədar, həmçinin, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xarici əlaqələrinin genişləndirilməsi və beynəlxalq layihələrə qoşulmasını təmin etmək məqsədilə QSC-nin baş direktoru Soltan Əliyev avqustun 01-dən 07-dək ABŞ-da xidməti ezamiyyətdə olmuşdur.
Ezamiyyət müddətində Soltan Əliyev "Tetra Tech İnc." baş ofisində şirkət rəhbərliyi ilə görüş keçirmiş, qarşılıqlı əməkdaşlıq münasibətləri müzakirə edilmişdir. Baş direktor Şirkətin Vaşinqton və Reston şəhərlərindəki ofislərində də görüşlərdə olmuş, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin prezentasiyasını keçirmiş və şirkət haqqında geniş məlumat vermişdir. QSC-nin fəaliyyət sahələri və maddi texniki imkanları amerikalı həmkarlarda xüsusi maraq doğurmuş, qarşılıqlı əməkdaşlığın hər iki tərəfə xeyir verəcəyi xüsusilə vurğulanmışdır.
Görüşlərdə "Tetra Tech İnc." şirkətinin Asiyada və MDB-də həyata keçirəcəyi layihələrdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin potensial imkanlarından, eləcə də, QSC-nin xarici ölkələrdə həyata keçirəcəyi layihələrdə "Tetra Tech İnc." şirkətinin imkanlarından qarşılıqlı istifadə edilməsi, işçilər üçün treninqlərin təşkil olunması qərara alınmışdır.
Tərəflər dünya bankının ekologiya sahəsində həyata keçirdiyi layihələrdə birgə əməkdaşlığın iqtisadi səmərə verəcəyini və əlaqələrin daha da genişlənəcəyinə zəmin yaradacağına əmin olduqlarını bildirmişlər.
Görüşün sonunda, avqustun 06-da Reston şəhərində "Tetra Tech İnc." şirkəti ilə "Ekol Mühəndislik Xidmətləri" QSC arasında qarşılıqlı iqtisadi əlaqələrin tənzimlənməsinə dair protokol imzalanmışdır.
|
|