Satınalmalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanının icrasını təmin etmək və 245 - II Q saylı, 27 dekabr 2001-ci il tarixli "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini yerinə yetirmək məqsədilə neft sektorunda, o cümlədən neft hasilatı müəssisələrində, neft emalı zavodlarında dövlət satınalmalarının təşkili və aparılması sahəsində satınalan təşkilatların tender komissiyasının mütəxəssislərinin ixtisas səviyyələrinin artırılması üçün 2008-ci ilin avqust ayında Almaniyanın İqtisadiyyat Akademiyasında seminar keçirilmişdir.
Seminar Almaniyanın Berlin, Lübek və Rambunq şəhərlərində keçirilmiş və 10 gün davam etdirilmişdir. Seminarda Respublikamızın müxtəlif təşkilatlarından olan 17 mütəxəssis təmsil olunmuşdur.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun Ümumi İşlər üzrə müavini, tender komissiyasının sədri Ramil Cavanşir oğlu Əliyev və Təchizat şöbəsinin müqavilələr üzrə mühəndisi Xalid Mahir oğlu Babayev də bu seminara qatılmışlar.
İşgüzar və əlverişli şəraitdə keçirilmiş seminarda mütəxəssislərimiz beynəlxalq standartlar səviyyəsində xeyli təcrübə toplamışlar. Sonda seminar iştirakçılarına sertifikat təqdim olunmuşdur.