|
Xəbərlər
[27.05.2009]
"Ekol" komandası finala vəsiqə almışdır
Mayın 25-də Futzal üzrə Azərbaycan kubokunun yarımfinal oyunlarında "Araz" - "Neftçi" və "Ekol"-"Azmetko" komandaları görüşmüşlər. "Araz" komandası bu görüşdə 6 : 3 hesabı ilə qələbə çalaraq final oyununun ilk iştirakçısı oldu.
"Ekol"-"Azmetko" komandalarının görüşü isə elə ilk dəqiqələrdən gərgin mübarizə ilə yadda qaldı. Oyunun birinci hissəsində komandamızın qapısından 2 top keçirən rəqib komandanın sevinci çox çəkmədi. Finala vəsiqə almaq əzmi ilə mübarizə aparan komandamız gözəl oyun nümayiş etdirərək qısa fasilələrlə rəqib komandanın qapısından düz 4 top keçirdi və oyunun birinci hissəsini 4 : 2 hesabı ilə başa vurdu.
Oyunun ikinci hissəsində "Azmetko" komandasının fəallaşmasına baxmayaraq, onların qələbə səyləri baş tutmadı. Əksinə, komandamız onları yenidən 3 dəfə meydançanın mərkəzindən oyuna başlamağı məcbur etdi.
Beləliklə "Ekol" - "Azmetko" komandalarının yarımfinal oyunu 7 : 2 hesabı ilə "Ekol"un xeyrinə başa çatdı və komandamız finala vəsiqə aldı. Kubokun sahibi isə final görüşündən sonra məlum olacaqdır.
Xatırladaq ki, Azərbaycan kubokunun final oyunu mayın 27-də Masallıda keçiriləcək və komandamız bu finalda Naxçıvanın "Araz" komandası ilə görüşəcəkdir.
|
|