|
Xəbərlər
[25.11.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də Yaponiya və Tayvan
mütəxəssisləri ilə görüş keçirilmişdir
Noyabrın 25-də OISKA - International Azərbaycan Nümayəndəliyi qeyri hökumət təşkilatının təşkilatçılığı ilə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Yaponiyanın FUSHIMI INDUSTRY CO., LTD. şirkətinin prezidenti Toshıo Fushımı, FUCİ PREKON COMPANY şirkətinin baş meneceri Mitsuhari Sakamoto və Tayvanın ABILITY TECHNOLOGY CORP, şirkətinin menecer-direktoru Eric Chang ilə görüş keçirilmişdir. Görüşdə QSC-nin rəhbər işçiləri və mütəxəssisləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan QSC-nin baş direktoru Soltan Əliyev qonaqları səmimi salamlayaraq, hazırkı dövrdə belə görüşlərin keçirilməsinin dünyanın ekoloji sisteminə müsbət təsir göstərilməsi istiqamətində atılan addımlardan olduğunu və bu sahədə aparılan işlərin ümumbəşəri əhəmiyyət kəsb etdiyini vurğuladı. Sonra baş direktor QSC haqqında qonaqlara qısa məlumat verdi.
OISKA-nın prezidenti Elçin Nəsirli səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirərək Yaponiya və Tayvan şirkətlərinin həyata keçirdikləri ekoloji layihələrin QSC üçün də maraqlı olacağını, birgə əməkdaşlıq münasibətlərinin yaranacağına və bunun ümumilikdə ölkəmiz üçün əhəmiyyətli olacağına əminliyini bildirdi. Daha sonra Yaponiya və Tayvan mütəxəssisləri öz şirkətlərinin prezentasiyalarını keçirdilər.
Tayvanın ABILITY TECHNOLOGY CORP, şirkətinin menecer-direktoru Eric Chang ətraf mühitin mühafizəsi, enerjiyə qənaət və alternativ enerjidən istifadə sahəsində həyata keçirdikləri layihələr, istehsal etdikləri LSD cihazları, işıqlanma sistemləri, günəş və külək batareyaları haqda geniş məlumat verdi, bu barədə materialları və işıqlanma lampalarını əyani olaraq nümayiş etdirdi. Tayvanlı mütəxəssisin verdiyi məlumatlar görüş iştirakçılarında böyük maraq doğurdu.
İkinci prezentasiya Yaponiyanın FUCİ PREKON COMPANY şirkətinin baş meneceri Mitsuhari Sakamoto tərəfindən təqdim olundu. Onun təqdimatında kənd təsərrüfatı bitkilərinin vegetasiya müddətində istilik, radiasiya və su balansının tənzimlənməsində istifadə olunan xüsusi materialın və məişət - fekal sularının müasir üsullarla təmizlənməsində tətbiq edilən mobil qurğuların xarakteristikaları xüsusi yer tuturdu. Bu məlumatlar da görüş iştirakçılarının marağına səbəb oldu və təqdirəlayiq hesab edildi.
Görüşdə Yaponiya və Tayvan mütəxəssislərin ətraf mühitin mühafizəsi və alternativ enerjidən istifadə edilməsi sahəsində əldə etdikləri nailiyyətlərin və yeniliklərin tətbiqi, Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması və iqtisadi səmərəliliyin artırılması üçün əlverişli şərait yaradacağı xüsusilə qeyd olundu.
Sonda bu şirkətlər arasında gələcəkdə əməkdaşlıq münasibətlərinin qurulması və birgə fəaliyyət göstərilməsi məqsədilə niyyət protokolunun imzalanması qərara alındı. QSC-nin baş direktoru Soltan Əliyev maraqlı məlumatlar üçün qonaqlara öz təşəkkürünü bildirdi və tərəflərin bundan faydalandığını diqqətə çəkdi.
Yaponiya və Tayvan mütəxəssisləri bu görüşü təşkil etdiklərinə və səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
|
|